27 июн. 2010 г.

Şeytanın etirafları

1- İmam Sadiq (a.s)dan belə rəvayət edilmişdir: “İblis (Şeytan) belə demişdir: “Beş adama mənim edə biləcəyim bir şey yoxdur, onlardan başqa qalanları isə mənim əlimdədirlər: Sadiq bir niyyətlə Allaha sarılan və bütün işlərində ona güvənən, təvəkkül edən kimsə; gecə və gündüzdə Allahı çox təsbeh (zikr) edən (Onu davamlı xatırlayan, unutmayan) kimsə; özü üçün istədiyini mömin qardaşı üçün də istəyən kimsə; qarşılaşdığı müsibət və bəlalar qarşısında özünü itirməyən (səbirli olan) kimsə; Allahın özünə qismət etdiyi ruziyə razı olan və ruzi narahatlığına qapılmayan kimsə.” (Biharul Ənvar, c. 69, s. 378)

2- Şeytanın Hz. Nuha (ə.s) etirafları: “…Ey Nuh .. üç yerdə məni xatırla; çünki o üç yer, mənim insana ən yaxın olduğum yerlərdir; (bil ki mən o üç yerdə insanı aldada bilərəm): Qəzəbləndiyin zaman məni xatırla; iki adam arasında hökm vermək istədiyin zaman məni xatırla; tək bir yerdə (naməhrəm) bir qadınla tək başına qaldığın zaman məni xatırla.”

3- Şeytanın Hz. Musaya (ə.s) etirafı: “Bir sədəqə vermək istədiyin zaman, onu (dərhal) yerinə yetir. Çünki bir qul sədəqə vermək istədiyi zaman mən onun yanına soxular, onu imtina etdirənə qədər məşğul olaram.”

4- Şeytanın Rəsulu Əkrəm Hz. Məhəmmədə (s.ə.v) etirafları: “Bir gün Şeytan ilə Rəsulullah arasında keçən uzun bir söhbətdən sonra Allah Elçisi Şeytandan səhabələrinə öyüd verməsini istədi; Şeytan da Rəsulullahın şəfaətinə ümid edərək Rəsulullahın səhabələrinə bu nəsihətləri etdi: “Ey Peyğəmbərin səhabələri, səadətə qovuşmaq istəyirsinizsə, öyüdlərimi dinləyin və məni unutmayın:

1. Namaz vaxtı girəndə, namaz üçün tələsin, yoxsa mən sizə vəsvəsə edib bir işlə məşğul edərəm və beləcə namazdan məhrum olarsınız.

2. Naməhrəm qadınlara baxmayın; yoxsa azarsınız.

3- (Kişiləri maraqlandıran mövzularda) qadınların dediyinə qulaq asmayın; yoxsa dininiz pozular.

3. Xeyir əməl etmək istədiyiniz zaman, tələsik edin; yoxsa mən dərhal yetişər, mane olmağa çalışaram.

4. Qonağa dəyər verin; çünki qonaq Allahın bir hədiyyəsidir.

5. Allahın kəlamını (Quranı) çox oxuyun və dinləyin; çünki Quranı oxuyan da savab qazanar, dinləyən də.

6. Alimlər, zahidlər və salehlərlə çox oturub qalxın; çünki bu itaətlərin ən üstünüdür.

Bilin ki Allah məni yaratdığı zaman, yalnız Ona itaət etməyi seçdim; lakin Adəmi yaradıb ona səcdə etməyimi əmr etdiyi zaman, mən itaət etmədiyim üçün, məni dərgahından qovdu və onun lənətinə uğradım ki başqa mələklər bundan ibrət götürsünlər. Ya Rəsulullah, sən bilirsən ki mən Allaha yaxın bir kimsəydim; neçə min dənə “İsmi Əzəm” bilirdim; üç yüz min il Allaha ibadət etdim, mələklərin müəllimliyini etdim; mələklər məni mədh edərdilər. Mənim bu günə düçar olmağım, qürur və özümü bəyənməyimdən oldu. O halda siz də mənim kimi özünüzü atəşə atmayın.” Bunları söylədikdən sonra şiddətli bir şəkildə ağladı. Belə ki halına Rəsulullah da acıdı…. Sonra Allah Elçisi üzünü səhabələrinə çevirərək belə buyurdu: “Ey mənim səhabələrim, tövbə edin və Şeytanın dediklərindən çəkinin ki, onun şərindən amanda qalasınız, inşallah. ”


5- Yenə Şeytanın Rəsulullaha (s. a. a) etirafları: Bir gün Rəsulu Əkrəm (s.ə.v) Mədinə məscidindən çıxarkən Şeytanı məscidin qapısında gördü və, “Niyə bura gəlmisən?”- deyə soruşdu. Şeytan belə dedi: “Mən Allah tərəfindən göndərilmişəm ki, suallarına cavab verim.”

Allah Elçisi (s.ə.v) belə soruşdu: “Ey lənətlənmiş, niyə ümmətimi camaat namazından saxlayırsan?”

Şeytan: “Ümmətin camaat namazına getdiyi zaman, şiddətli bir atəş mənim bədənimi bürüyür və camaat dağılana qədər, onu özümdən uzaqlaşdıra bilmirəm.”

Rəsulullah (s.ə.v): “Niyə ümmətimi duadan məhrum edirsən?”

Şeytan: “Çünki onlar dua ilə məşğul olduqları zaman, mən kor və dilsiz oluram; onlar dağıldığı zaman, mənim korluq və dilsizliyim də düzəlir.”

Rəsulullah (s.ə.v): “Niyə ümmətimin Quran oxumasına mane olursan?”

Şeytan: “Çünki onlar Quran oxuduqları zaman, mən lehim kimi əriyirəm.”

Rəsulullah (s. a. a): “Niyə ümmətimi cihaddan məhrum edirsən?”

Şeytan: “Çünki onlar cihada çıxdıqları zaman, onlar dönənə qədər mənim iki ayağıma ağır halqalar bağlayırlar.”

“Onlar həccə getdikləri zaman, onlar dönənə qədər məni ağır zəncirlərlə bağlayırlar. Onlar sədəqə verdikləri zaman mənim başımı odun kimi mişarla kəsirlər.”

Qeyd: Bütün bu təmsillər Şeytanın o vəziyyətlərdəki şiddətli narahatlığını ifadə etmək üçündür.

Комментариев нет:

Отправить комментарий