27 июн. 2010 г.

Azər İbrahim peyğəmbərin (ə.s) atası idi yoxsa əmisi?

"Azər" adında birindən Quranda bəhs edildiyi doğrudur. Ancaq bu şəxs, Hz. İbrahimin atası deyil. Hərçənd Quranda bu mövzuda "Əb" sözü istifadə edilmişdir və bu sözün məşhur mənası atadır. Ancaq bu söz bəzən əmi üçün də istifadə edilməkdədir. Məsələn Qurani Kərim, Hz. Yaqub və övladları arasında olan söhbət zamanı, Hz. Yaqub onlardan belə soruşur:

(Ey yəhudilər!) Yoxsa Yəqubun ölümü yetişdikdə siz onun yanında idiniz?! O: “Məndən sonra nəyə ibadət edəcəksiniz?” - deyə oğlanlarından soruşduğu zaman, onlar: “Sənin Allahına və ataların - İbrahimin, İsmailin və İshaqın Allahı olan tək Allaha təslim olacağıq (Ona ibadət edəcəyik)!”- dedilər. (Bəqərə 133)

Bu ayədə Allah Təala, həm İsmayılı həm də İshaqı, ikisini də Hz. Yaqubun atası olaraq göstərir. Halbuki hamımız bilirik ki Hz. İsmayıl, Hz. Yaqubun atası deyil, əmisidir. Amma məsələn "valid" sözü gerçək atadan başqası üçün qətiliklə istifadə edilməz. Buna görə də başqa bir ayədə Hz. İbrahimin gerçək atasından bəhs edərkən "Əb" deyil "Valid" sözü istifadə edilmişdir. İbrahim surəsinin 41-ci ayəsində belə buyrulur:

"Ey Rəbbim! Haqq-hesab çəkilən gün (qiyamət günü) məni, ata-anamı və möminləri bağışla!”

Bu ayənin orijinalında "Validəyyə" (atam və anam) kəlməsi istifadə edilmişdir.

Həmçinin Hz. İbrahimin əmisinə "Əb" sözü deməsinin mənası budur ki, İbrahim (ə.s) Peyğəmbərliyə ilk seçildiyi zamanlar, Azərə xitab edərək,

“Sən bütləri tanrılarmı qəbul edirsən? Mən səni və sənin tayfanı açıq-aydın zəlalət içində görürəm!” (Ənam, 74)

Azər bir ara Hz. İbrahimə Allaha tapınacağı sözünü verdi. Hz. İbrahim də

"...Mən (öz Rəbbimdən) mütləq sənin bağışlanmağını diləyəcəm..." (Mumtəhənə, 4)

Başqa bir ayədə buyurulur ki,

Atasının Allaha düşmən olması İbrahimə aydın olduqda o öz atasından uzaqlaşdı (onunla bütün əlaqələrini kəsdi). (Tövbə, 114)

Yəni artıq tamamilə onunla əlaqəsini kəsdi. Bu hadisə dediyimiz kimi Hz. İbrahimin Peyğəmbərliyinin ilk illərində meydana gəlmişdir. Halbuki biz Hz. İbrahimin həyatının sonlarında belə dua etdiyini görürük:

"Ey Rəbbim! Haqq-hesab çəkilən gün (qiyamət günü) məni, ata-anamı və möminləri bağışla!” (İbrahim, 41)

Bu da açıq bir şəkildə Azərin Hz. İbrahimin atası olmadığını göstərir. Əgər atası olsaydı onun üçün istiğfar etməsi düşünülə bilməzdi. Tarixlərə də baxsaq, Hz. İbrahimim atasının adının Azər deyil, "Tarux" olduğu deyilir və həmçinin heç bir tarixdə atasının adının "Azər" olduğu yazılmamışdır.

Комментариев нет:

Отправить комментарий