29 июн. 2010 г.

Mütə barədə Həzrəti Əliyə (ə.s) istinad edilən hədisə cavab

  • Məhəmməd bin Əli Əli bin Əbu Talibdən –radıyallahu anhu- bunu eşidib: “Allahın Rəsulu -səllallahu aleyhi və alihi və səlləm- Xeybər günü müvəqqəti nigahı və eşşək ətini yeməyi qadağan etdi” (əl-Buxari 5/172; Müslim 4/134-135 və 6/63; Malik, səh 335; ət-Tirmizi 1121 və 1794; ən-Nəsai 6/125; Əhməd 1/79; əd-Darimi 1996)
Yalnız Buxari ilə Müslimdə, tam yeddi səhabədən gələn rəvayətlər, o gün tək eşşəklərin ətinin haram qılındığını ifadə edir və bu rəvayətlərin heç birində "Mütə nikahı"na yer verilmir. Bu səhabələr bunlardır:

1. Abdullah b. Ömər
25- ....... İbni Ömərdən rəvayət etdilər. (Belə deyib): Rəsulullah (Sallallahu Əleyhi və Səlləm) Xeybər (hərbi) günü əhli eşşəkləri (yeməyi) qadağan etdi. İnsanlar onlara möhtac olmuşdular. 
Səhih Müslim, "Ov, kəsilən və əti yeyilən heyvanlar bəhsi" kitabı, "Əhli eşşək ətlərinin haram qılınması" babı
Həmçinin Səhih Buxari Məğazi kitabı. Türkçə 238-239-cu hədislər 

2. Cabir b. Abdillah

240-...Cabir ibn Abdillah ®: Rəsulullah (S) Xeybər günü ev eşşəklərin ətlərindən nəhy etdi...
"Səhih Buxari", Məğazi Kitabı, 40."Xeybər qəzvəsi" babı 

3. Abdullah b. Əbi Əvfa

62-....... Mən Abdullah ibn Əbi Əvfadan eşitdim............Qazanları aşırdın və əsla eşşəklərin ətlərindən heç bir şey yeməyin! .......

"Səhih Buxari", Xüms Kitabı, 20-ci bab "Mücahidin Hərb Sahəsində Ələ keçirəcəyi yemək maddələrinin hökmü"
Həmçinin "Səhih Buxari" Məğazi kitabı. Türkçə 241,242,243-cü hədislər 

4. Abdullah b. Abbas

246-.......İbn Abbas ®: Bunlar insanların yük daşıma heyvanları olduğu üçün, bunları yemək səbəbiylə yük heyvanlarının yox olub getmələrini istəmədiyi üçünmü Rəsulullah bundan nəhy etdi, yaxud Xeybər günündə mütləq olaraq ev eşşək ətlərini harammı etdi, bilmirəm, demişdir.

"Səhih Buxari", Məğazi Kitabı, 40."Xeybər qəzvəsi" babı 

5. Sələmə b. Ekva

218-.......Sələmə b. Ekva ® belə demişdir:....

.......
Peyğəmbər:
- "Bu atəşlər nədir, nə üçün yandırırlar?"- deyə soruşdu.
Səhabələr:
- Ət bişirmək üçün yandırdılar,- deyə cavab verdilər.
Peyğəmbər:
- "Hansı ət, nə əti üçün?" deyə soruşdu.
Səhabələr:
- "Ev eşşəklərin əti" - deyə cavab verdilər. Peyğəmbər:
- "O ətləri tökün, qabları da qırın!" - buyurdu....

"Səhih Buxari", Məğazi Kitabı, 40."Xeybər qəzvəsi" babı 

6. Ənəs b. Malik

220-.......Ənəs ibn Malik ® belə demişdir: .......
....- Allah və Rəsulu sizləri eşşək ətlərindən nəhy edərlər. Çünki eşşək ətləri murdardır! - deyə söylədi.

"Səhih Buxari", Məğazi Kitabı, 40."Xeybər qəzvəsi" babı
Həmçinin 221-ci hədis (türkçə)

7. Bəra b. Azib

245-.......əl-Bəra ibn Azib ®: Peyğəmbər (S), Xeybər qəzvəsində bizlərə ev eşşək ətlərini çiy olaraq və bişmiş olaraq atmamızı əmr etdi. Sonra bir daha onları yeməyi əmr etmədi, demişdir.
"Səhih Buxari", Məğazi Kitabı, 40."Xeybər qəzvəsi" babı
Həmçinin 244-cü hədis (türkçə)

Etiraz: Hz. Əli (ə.s) "Peyğəmbərin (s) Xeybərin fəth edildiyi günlərdə Mütə nikahını və ev eşşəklərin ətini yeməyi qadağan etdiyini" rəvayət edir. Bu rəvayət aşağıdakı rəvayətlə ziddiyyət təşkil etmirmi?

Hz Əli : "Ömər mütəni qadağan etməsə idi, çox az (bəzi rəvayətlərdə azğın) adamdan başqa, heç kəs zina etməzdi" (Təbəri 5/9, Razi 10/50 və s.) 

Cavab: 
1. Bu rəvayət alimlərin etirazına səbəb olub. Xüsusilə Süfyan əs-Sövri (Beyhəqi 7/201-202, ibn Hacər "Əl Fəth" 12/210-211) başda olmaqla bütün siyər üləması, Mütə nikahının Xeybərdə leyhinə və ya əleyhdə, heç bir şəkildə gündəmə gəlmədiyini; bu səbəbdən rəvayətdə səhv olduğunu söyləyirlər. (ən-Nəvəvi, IX, 180~181; əz-Zeyləi, "Nasbur-Rayə":III, 178~179; əl-Ayni, XIV, 254; İbn Hacər, Fəthul-Bari: XII, 210~211; əl-Qəstalani, İrşadüs-Sari:VI, 299, VIII, 35; əş-Şövkani, "Neylül-Övtar" VII, 230; Davudoğlu, Müslim şərhi: IX, 178)

İbni-Qəyyum əl-Cövzi deyir ki:
"Səhih (doğru) olan, Mütənın Məkkə fəthində haram qılınmış olduğudur... Çünki o gün Xeybərdə Müsəlman qadınlar yox idi; Yəhudi qadınlar vardı. Əhli kitab olan qadınlarla evlilik isə hələ mübah qılınmamışdı. Bu mübahlıq daha sonra, Maidə surəsiylə təsdiqləndi." ("Zadül-Məad" II, 183 həmçinin bax 183-184, IV, 6)

2. Hədisin bəzi rəvayətlərində, mövzunun Hz. Əli ilə Abdullah b. Abbas arasında olan "Mütə nikahı" ilə əlaqədar mübahisə zamanı gündəmə gəldiyi görülür. Rəvayətə görə İmam Əli, İbn Abbası Mütəyə icazə verdiyi üçün danlayır və "Xeybər hədisi"ni oxuyur!!! Abdullah b. Abbas ömürünün sonuna qədər Mütə nikahının caiz olması fikrində qalmışdır. Bu rəvayətdən Abdullahın İmam Əliyə fikir vermədiyi aydın olur. Halbuki bu heç mümkün deyil; çünki birazca olsun tarix bilənlər, Abdullah ilə İmam Əlini (ə.s) araşdıranlar, onların bir-birinə nə qədər yaxın olduğunu, Abdullahın İmam Əliyə nə qədər güvənib etimad etdiyini əsla inkar edə bilməzlər. Belə bir İbn Abbasın, Əlinin nəql etdiyi bir hədisə baxmayaraq fətvasında müqavimət göstərməsi heç mümkündürmü görəsən!? Üstəlik bu söz də Abdullaha aiddir: "Bir mövzuda Əli b. Əbi Talibin fətvası etibarlı bir yolla bizə çatdığı təqdirdə, əsla ondan kənara çıxmarıq!" ( Əhli sünnət üləması İbn Abbasın bu sözünü səhih sənədlərlə rəvayət edirlər: İbn Sad, "Ət Təbəqat" 2/338, İbn Əbdil Bər "Əl İstiab 3/40, ibn Hacər "Əl İsabə" 2/509)

3. Xeybər hədisinin bütün rəvayət yolları İbn Şihab əz-Zühridə birləşir. əz-Zühri, hər nə qədər Əhli Sünnə qardaşlarımızın "çox siğə bir hədis hafizi" sayıb rəvayətlərinə çox güvəndikləri biri olsa da biz eyni qənaətdə deyilik. Bizim tərəfimizdən o çox məhkum bir ravidir və rəvayətlərinə güvənməyimiz mümkün deyil.

a) İbn Şihab əz-Zühri, Urve b. Zübeyr ilə hər fürsətdə bir araya gəlib İmam Əliyə (ə.s) sataşan və ona olan düşmənliklərini aşkar edən iki yaxın! Bu mövzuda etibarlı yollarla gələn bir çox rəvayət vardır ( İbn Əbil-Hədid, IV, 102 )

b) əz-Zühri həmçinin, Əbdülməlik b. Mərvan kimi böyük qan tökücü Əməvi sultanlarının məclis yoldaşlarındandır! (İbn Sad, VII, 447 Eyni yerdə o məşhur diktatorun hədiyyə(!)lərinə məzhər olduğu da qeyd edilib.)

c) İbn Sa'dın Buxari ilə Müslimin şərtlərinə görə səhih bir sənədlə rəvayətinə görə, biri əz-Zühriyə gələrək, dişləri qızıl tellərlə bağlamanın hökmünü soruşur. O da "qorxusu yoxdur" deyir. Bu olsa dərd yarı. Əsl problem, əz-Zührinin bu fətvanı verərkən Əbdülməlik b. Mərvanı mənbə göstərməsidir. əz-Zühri, "Əbdülməlik b. Mərvan da dişlərini qızılla bağlatmışdı!" deyərək, "Qorxusu yoxdur; əgər olsaydı Əbdülməlik etməzdi!" -demək istəyir. Tək bir valinin, Həccaci Zalımın, yersiz səbəblərlə, bir çoxu Əhli Beyt tərəfdarı 100.000-dən çox baş kəsməsini təsdiqləyən belə bir diktatorun tətbiqini dəlil göstərmək; bir möminə yaraşarmı!?

d) Həmçinin əz-Zühri tədlis ilə də məşhur biridir. (əz-Zəhəbi, IV, 40) Yəni rəvayət etdiyi hədisin başqaların tərəfindən etibarlı sayıla bilməsi üçün sənəddə və daha başqa yerlərdə oynama edə bilir!!! əz-Zührinin hədislərin mətn və sənədlərində etdiyi oynamalara nümunə görmək istəyirsinizsə; onun rəvayət etdiyi hədislərə "səyahət etməlisiniz"

e) Yəhya b. Main belə "O Ümeyyə oğullarına çalışardı!" dedikdən (Hakim, əl-Maarifə:54) sonra, əz-Zührini kim siğə sayırsa saysın, bir qiyməti varmı?

4. Yuxarıda 7 səhabədən hədis gətirdik ki, ancaq eşşək əti haram edilmişdir. Mütənin haram edilməyi barədə o hədislərdə heç bir şey yoxdur. Bu yeddi səhabədən gələn rəvayətlərin heç birisinin sənədində İbn Şihab əz-Zührinin adına rast gəlmirik. Aydındır ki, Xeybər hədisindəki "Mütə nikahının qadağan edilməsi" tamamilə İbn Şihabın əməlidir və bunu xüsusilə İmam Əlidən gələn rəvayətə daxil etməsi də mənasız deyil!

Həmçinin, İmam Əliyə aid edilən bu rəvayət, olsa-olsa Mütənin o gün qadağan edildiyini ifadə edir. Mütənin bir neçə dəfə qadağan edilib ardından icazə verildiyini (biz qəbul etməsək də) Əhli Sünnə qardaşlarımız qəbul edir. O zaman burada yenə bir problem yoxdur. Əgər rəvayətdə "sonsuza qədər" haram qılındığına dair bir qeyd olsaydı, o zaman burada etiraza yer olardı.

Qısacası bu etirazın mənası yoxdur və İmama aid edilən bu rəvayət tamamilə əz-Zührinin uydurmasıdır. Buradan İmam (ə.s) ilə Abdullah b. Abbasın mübahisə etdiyini ifadə edən rəvayətin də əsassız olduğu aydın olur.

Комментариев нет:

Отправить комментарий